Kəngərlilər qədim türk tayfası olub. “Kəngər” sözü Aral və Balxaş gölləri arasında yerləşən Kəng dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxmışdır. Kəngərlilərin bir hissəsi IV-V əsrlərdə Şimali Qafqazdan Azərbaycana gələn hunlara qoşulmuşdur. Həmin dövrdən sonra Azərbaycanda, xüsusilə də Naxçıvan ərazisində Kəngərlilərin yaşamaları barədə məlumatlar vardır. Kəngərli nəsli 6 min illik tarixə malik olub, ilk dəfə adları şumerlərlə əlaqəli çəkilmişdir. Şumerlərin öz adı da Kəngər olub. Bu gün Fars körfəzi adlanan ərazi əsrlər boyu Kəngər körfəzi adlanıb. Kəngərlilər Orta Asiyada Kanq dövlətinin (IV əsr), Azərbaycanda Salarilər dövlətinin (X əsr) və Naxçıvan xanlığının (XVIII əsr) əsasını qoymuşlar. “Kitabi-Dədə Qorqud” dastanında “Kəngərli” sözünə “Kanqalı” formasında rast gəlinir. Kəngərlilər Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. XVIII əsrin II yarısından etibarən Kəngərli hakimləri yüksək titullar daşımış və Azərbaycanın ən güclü xanlıqlarından olan Naxçıvan xanlığını idarə etmişlər. 1828-ci il Türkmənçay müqaviləsinə görə, Naxçıvan xanlığı Rusiyanın himayəsinə keçsə də, Kəngərlilərin ən nüfuzlu nümayəndələri 1840-cı ilədək “Naib” titulu ilə vəzifədə qalmışlar. Çar imperiyası dövründə Kəngərli tayfasına mənsub insanların bir hissəsinə “Naxçıvanski” soyadı verilmişdir. Kəngərlilər arasından bir sıra görkəmli ictimai-siyasi və hərbi xadimlər, elm və mədəniyyət xadimləri yetişmişdir. Azərbaycan hərb tarixində Kəngərli nəslinin altı generalının adı məlumdur.
Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələrindən olan Heyran xanım və Qönçəbəyim Kəngərli XIX əsrdə yaşayıb yaradan azərbaycanlı şairələrdən olmuşlar. Adı XX əsrdə ixtisas təhsili alan ilk azərbaycanlılar sırasında çəkilən Bəhruz bəy Kəngərlinin də milli rəssamlıq sənətimizin müxtəlif janrlarla və yeni bədii ifadə vasitələri ilə zənginləşməsində mühüm xidmətləri olmuşdur.