Bəhruz Kəngərli Muzeyində görkəmli rəssam Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş “Tarix yaradan rəssam” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq rəssamın Azərbaycan incəsənətindəki xidmətlərindən bəhs edib. Vurğulanıb ki, qısa ömrü, məhsuldar yaradıcılığı, sənətkar uzaqgörənliyi ilə bir neçə ömrə bərabər sənət inciləri yaradan rəssam adını Azərbaycanın sənət tarixinə yaza bilib. Realist dəzgah boyakarlığının təşəkkülü, ilk sərginin açılması, ilk avtoportret janrında çəkilmiş əsər Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Bəhruz Kəngərlinin yaradıcılığı ilə Azərbaycan rəssamlığında orta əsr miniatürü və XVIII-XIX əsrlərin divar təsvirləri üçün səciyyəvi olan şərti dekorativlikdən realist təsvir metoduna keçid başlanıb. Əbədiyyət qazanan Bəhruz Kəngərlinin yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə kimi qiymətləndirilir. Qeyd olunub ki, 1912-ci ildən etibarən Naxçıvan Teatrında rəssam kimi fəaliyyətə başlayan sənətkar bu sahədə böyük xidmət göstərmiş, tamaşalara milli koloritdə zəngin səhnə tərtibatı vermiş, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlamışdır.
Sonra muzeyin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova “Tarix yaradan rəssam” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, sənəti ilə xalqımıza başucalığı gətirən Bəhruz Kəngərlinin bədii irsi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, rəssamın xatirəsinə diqqət və ehtiram göstərilir. Bildirilib ki, rəssamın yaradıcılığı janr etibarilə rəngarəng olmuşdur. Onların arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil.
Ömrünü Vətəninin, xalqının tərəqqisi yoluna bəxş edən, mədəniyyətimizin inkişafında özünəməxsus xidmətləri olan Bəhruz Kəngərli heç vaxt unudulmur, hər zaman qürür hissi ilə xatırlanır.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış oldular.
Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş tədbir keçirilib
Bəhruz Kəngərli Muzeyində XX əsr Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş “Əbədiyyət qazanan rəssam” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq görkəmli rəssamın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, istedadlı rəssam cəmi 30 il ömür sürməsinə baxmayaraq, dəyərli rəsm əsərləri ilə zəngin irs yarada bilmişdir. Onun portret və mənzərə janrında yaratdığı əsərləri yüksək bədii sənətkarlıqdan xəbər verir. Qeyd olunub ki, realist dəzgah boyakarlığının təşəkkülü, mənzərə janrının müstəqil janra çevirilməsi, ilk sərginin açılması, ilk avtoportret janrında çəkilmiş əsər, Naxçıvanda teatr sənətinin inkişafı Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Məhz buna görədir ki, əbədiyyət qazanan rəssamın yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə kimi qiymətləndirilir. Qəlbi vətən eşqi ilə dolu olan rəssam dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirməklə yurdunun ağrı-acılarını qabardıb, bununla da əsl milli ruhlu sənətkar olduğunu sübuta yetirib. Muzeyin direktoru vurğulayıb ki, sənəti ilə xalqımıza başucalığı gətirən Bəhruz Kəngərlinin irsi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, rəssamın xatirəsinə diqqət və ehtiram göstərilir. Bəhruz Kəngərli Azərbaycan xalqının qəlbində və yaddaşında hər zaman əsl vətənpərvər rəssam olaraq qalacaqdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təsviri və Dekorativ Tətbiqi Sənətlər Şöbəsinin müdiri Fizzə Quliyeva “Bəhruz Kəngərlinin sənət dünyası”, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova “Əbədiyyət qazanan rəssam” mövzularında çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, yaşadığı qısa ömründə Bəhruz Kəngərli hər kəsə örnək ola biləcək həyat hekayəsi və yaradıcılıq dövrünün məsuldarlığı ilə zirvədə əbədi yaşamağa layiq sənətkardır. Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri olan Bəhruz Kəngərli cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat vermiş, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilmişdir. Ölməz sənətkar həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərov və rəssam Səməd Məmmədov da çıxış edərək görkəmli rəssamın həyatı və təkrarolunmaz yaradıcılığı haqqında söhbət açmışdır. Bildirilmişdir ki, Bəhruz bəy Kəngərlinin firavanlıqdan uzaq bir vəziyyətdə yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün vətənpərvər sənətkar vətəndaş mövqeyinin təzahürü kimi dəyərləndirilir. Ürəklərdə yaşayan görkəmli realist sənətkar Bəhruz Kəngərli xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır, yeni nəsillərə örnək ola biləcək həyatı və yaradıcılığı təbliğ edilir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
“Nuh torpağının rəssamı” adlı tədbir
Bəhruz Kəngərli Muzeyində realist fırça ustasının anadan olmasının 128-ci ildönümünə həsr olunmuş “Nuh torpağının rəssamı” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş görkəmli sənətkarın çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığına nəzər salıb, böyük rəssamın irsinə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Bildirilib ki, istedadlı sənətkarın yaradıcılığını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, görkəmli sənətkarın adını daşıyan Rəssamlar Parkının yaradılması, parkda abidəsinin ucaldılması, 2012-ci ildə rəssamın 120 illik yubileyinin qeyd olunması görkəmli sənətkarın irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Vurğulanıb ki, Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənc nəsillər üçün örnəkdir. Böyük rəssamın vətənpərvərliyinin ifadəsidir ki, onun ustalıqla yaratdığı əsərlər Bəhruz Kəngərlini incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevirib.
Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək Bəhruz Kəngərli ənənələrinin naxçıvanlı rəssamların yaradıcılığındakı mühüm rolundan, görkəmli sənətkarın irsinin təbliğindən danışıblar.
Sonda realist rəssamın əsərlərindən ibarət ekspozisiyaya baxış olub.
“Şərq qapısı” qəzeti
22.01.2020
Bəhruz Kəngərli yaradıcılığına aid 3 orijinal rəsm əsəri muzeyə təqdim olunub
Fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına aid olan üç rəsm əsərinin Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinə daimi olaraq təhvil verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynayıb. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da, bu günə yalnız 500-ə qədəri gəlib çatıb.
Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonuna rəssamın adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin orijinalları və yüksəkkeyfiyyətli surətləri çıxarılaraq muzeyə gətirilib. Hazırda muzeyin fondunda, ümumilikdə, 1214 eksponat vardır ki, bunlardan 384-ü ekspozisiyada sərgilənir. Bu əsərlərdən 58-i orijinaldır. Həmin əsərlərin 33 ədədi sulu boya, 5 ədədi yağlı boya, 4 ədədi tuş, 7 ədədi karandaş, 9 ədədi isə kömürlə çəkilib.
Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib
2016-ci il mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək deyib: Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.
Ali Məclisin Sədri deyib: Realist rəssamlığın vəzifəsi yalnız həyatın və ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə kətana köçürən Bəhruz Kəngərli də rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin tarixi keçmişini və yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir.