Aprelin 4-də Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr olunmuş “Bəhruz bəy Kəngərli taleyi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq bildirmişdir ki, Naxçıvan çoxəsrlik tarixə malik olan qədim Azərbaycan torpağıdır. Bu əsrarəngiz diyarda tanınmış dövlət xadimləri, şairlər, görkəmli memarlar, fırça ustaları yetişmiş, mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət böyük inkişaf yolu keçmişdir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 2011-ci ildə Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmiş, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamlar hər cür şəraiti olan emalatxanalarla təmin edilmiş, rəssamların albom-kataloqları nəşr olunmuş, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov təqdimat mərasimində çıxış edərək demişdir ki, Naxçıvan tarixi-mədəni abidələri ilə yanaşı, həm də ölkəmizə əvəzsiz xidmətlər göstərmiş görkəmli şəxsiyyətləri ilə də məşhurdur.
Belə şəxsiyyətlərdən biri də Azərbaycan bədii sənət xəzinəsinə dəyərli töhfələr verən görkəmli rəssam Bəhruz Kəngərlidir. Bəhruz Kəngərli Azərbaycan təsviri incəsənət tarixində realist portret və mənzərə janrının əsasını qoymuş, rəssamlığa yeni ictimai məzmun gətirmiş, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir. Tiflisdə xüsusi rəssamlıq təhsili alan Bəhruz Kəngərlinin yaradıcılığı tamamilə milli ruhda və üslubda formalaşmış və o, milli rəssamlığın inkişafında mühüm rol oynamışdır. 30 il ömür sürən Bəhruz Kəngərli cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, bu dövrdə məhsuldar işləyərək iki minə qədər əsər yaratmışdır.
Bildirmişdir ki, Bəhruz Kəngərli yaradıcılığı zəngindir. O, təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi tarixi missiyanın öhdəsindən layiqincə gələrək vətənpərvərlik nümunəsi göstərmiş, erməni daşnaklarının törətdikləri vəhşiliklərə, xalqımızın başına gətirilən faciələrə biganə qalmamış, məşhur “Qaçqınlar” silsiləsini yaratmışdır. Onun bu silsiləyə daxil olan əsərləri böyük tarix dərsliyidir. O dərslik ki, ondan yaradıcı ziyalılarımız nəticə çıxarmalı və öyrənməlidirlər. Görkəmli rəssamın bənzəri olmayan yaradıcılıq məhsulu kimi “Naxçıvan yadigarı” albomu da xüsusi əhəmiyyətə malikdir. Həmin alboma baxaraq Naxçıvandakı tarix və memarlıq abidələrini əvvəlki görkəminə qaytarmaq, restavrasiya etmək mümkündür. Bəhruz Kəngərli realizminin ictimai həyatda və sənətdə yeri əvvəllər olduğu kimi, bu gün də aktualdır və gələcəkdə də aktual olaraq qalacaqdır. Bütün bu məziyyətlərinə görə Naxçıvanın tarixini yaşadan, realist təsviri sənətin əsasını qoyan, bədii sənət xəzinəmizə layiqli töhfələr verən Bəhruz Kəngərli əqidəli vətəndaş və yaradıcı ziyalı kimi Azərbaycan mədəniyyəti tarixində əbədi yaşamaq haqqı qazanmışdır.
Böyük sənətkarın həyatının və yaradıcılığının məhz bu baxımdan öyrənilməsi vacibliyinə diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bəhruz Kəngərli şəxsiyyətini yalnız rəssam kimi deyil, həm də Azərbaycan xalqının görkəmli ziyalısı kimi dəyərləndirmək, tədqiq etmək, öyrənmək və öyrətmək lazımdır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində görkəmli rəssamın həyat və yaradıcılığının öyrənilməsi, eləcə də təkrarolunmaz irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində tədbirlər hazırlanmış və icra olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılmış, rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanan 200-ə yaxın əsərinin surəti çıxarılmış, həmçinin 50-dən çox rəsm əsəri əldə olunaraq muzeyə verilmişdir. Ali Məclis Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikada görkəmli rəssamın yubileyi qeyd olunmuş, Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə təmir edilmiş və ekspozisiyası zənginləşdirilmiş, poçt markaları buraxılmış, elmi konfrans keçirilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Sənətin Bəhruz zirvəsi” sənədli filmi hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən isə Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmış və burada Bəhruz Kəngərlinin abidəsi ucaldılmışdır. Muxtar respublika rəhbərinin tövsiyə və himayəsi ilə Bəhruz Kəngərli irsinin tədqiqi və təbliği sahəsində də tədbirlər görülmüş, böyük rəssamın yaradıcılığına həsr olunmuş müxtəlif nəşrlər, albom-kataloqlar hazırlanaraq çap edilmişdir.Hörmətli Ali Məclis Sədrinin sifarişi və himayəsi ilə çap olunan və bu gün təqdimat mərasimi keçirilən “Bəhruz bəy Kəngərli taleyi” kitabı da, hər şeydən əvvəl, böyük sənətkarla bağlı görülən işlərin məntiqi davamı kimi diqqəti cəlb edir. 512 səhifəlik bu fundamental nəşr böyük elmi əhəmiyyətə malikdir. O mənada ki, burada Bəhruz Kəngərlinin həyatı və yaradıcılığı ilə bağlı bir çox məsələlərə ilk dəfə olaraq aydınlıq gətirilmiş, bəzi tarixi faktlar dəqiqləşdirilmiş, Bəhruz Kəngərlinin yaşadığı dövrün yaradıcılıq mühiti də tədqiqata cəlb olunaraq ciddi elmi və tarixi nəticələr çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Naxçıvan Muxtar Respublikasının elmi və yaradıcılıq mühitində mühüm dəyərə malik olan qiymətli nəşrə görə Bəhruz Kəngərli yaradıcılığının böyük himayədarı, muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova təqdimat mərasiminin iştirakçıları adından dərin minnətdarlığını bildirmişdir. Yüksək poliqrafik səviyyədə nəşr olunan “Bəhruz bəy Kəngərli taleyi” kitabının böyük zəhmətin və tədqiqatçı əməyinin məhsulu olduğunu diqqətə çatdıran Əli Həsənov bu kitabın ərsəyə gəlməsində əməyi olanların hamısına, eləcə də kitabın müəlliflərinə təşəkkürünü bildirmiş, Bəhruz Kəngərlinin 125 illik yubileyi, habelə yubileyə layiqli töhfə olan nəşr münasibətilə yaradıcı ziyalılarımızı təbrik etmişdir.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Arif Hüseynov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının baş müəllimi Həbibə Allahverdiyeva çıxış edərək yeni nəşrin Azərbaycan mədəniyyətinə, rəssamlıq sənətinə böyük töhfə olduğunu bildirmişlər.
“Bəhruz bəy Kəngərli taleyi” kitabının müəllifləri – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, sənətşünas Nizami Alıyev çıxış etmişlər. Müəlliflər bildirmişlər ki, Sovetlər Birliyi dövründə Bəhruz Kəngərli haqqında bir neçə kitab və monoqrafiya nəşr edilsə də, onlardakı səhvlərin bir-birini təkrar etməsi yeni bir tədqiqat əsərinin yaradılması vacibliyini ortaya qoymuşdur. Kitabda Bəhruz Kəngərlinin həyat və yaradıcılığı yenidən araşdırılmış, arxiv materialları toplanmış və təhlil edilmişdir. Əvvəlki tədqiqatlardan fərqli olaraq rəssamın həyatı haqqında yeni və maraqlı faktlar ortaya qoyulmuşdur. Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Bəhruz Kəngərli haqqında sərəncamları, görkəmli rəssamın yaradıcılığına həsr olunmuş rəsm əsərləri, heykəltəraşlıq nümunələrindən fotoşəkillər, bədii nümunələr, rəssam haqqında deyilmiş dəyərli fikirlər yer almışdır. Müəlliflər kitabın işıq üzü görməsində öz şəxsi dəstəyi və qayğısını əsirgəməyən, sənət adamlarının böyük hamisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları Bəhruz Kəngərli Muzeyinə baxmışlar.