Bəhruz Kəngərli Muzeyi

Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də  muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək  demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr eyməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

Bəhruz Kəngərlinin yaradıcılığı müstəqil dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Naxçıvan Muxtar Respublikasında da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmiş, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər Planına əsasən muxtar respublikada rəssamın 120 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. Bəhruz Kəngərlinin 120 illik yubileyi ilə əlaqədar olaraq, görkəmli rəssamın əsərlərinin tam külliyyatından ibarət albom-kataloq hazırlanmış, poçt markası və xüsusi zərf buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmış və Bəhruz Kəngərli Muzeyinin Naxçıvan şəhərindəki Atatürk küçəsi 17-də yerləşən ikimərtəbəli binası əsaslı surətdə təmir olunaraq yenidən qurulmuşdur.

Realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssamın yaradıcılığına yüksək dövlət qayğısının növbəti bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Naxçıvan şəhəridəki İstiqlal küçəsi 52 ünvanında Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmış və burada rəssamın abidəsi ucaldılmışdır.

Bəhruz Kəngərli Muzeyi tarixi binada yerləşir. Bina XIX əsrin sonlarında Qızlar Məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xarirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var.

Hazırda muzeydə 1214 eksponat mühafizə olunur ki, bunlardan 384-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Muzeydə rəssamın 530 rəsm əsəri qorunur. Bunlardan 58-i orijinal, 472-si isə rəssamın əsərlərinin fotosurətidir. Bu reproduksiyaların 109-u eskizlərdir. Muzeydə nümayiş etdirilən eksponatlar sırasında həmçinin, Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar da var.

 

101071
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
70
49
530
1232
101071

Tarix: 20-03-2023