Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

 Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq qeyd edib ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb. 

 Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb.

 Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub, 2013-cü ildə istifadəyə verilib. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva “Bəhruz Kəngərli yaradıcılığına dövlət qayğısı”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır”, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli “Bəhruz Kəngərli yaradıcılığı ədəbiyyatda”, sənətşünas Nizami Alıyev “Bəhruz Kəngərlinin həyat və yaradıcılığı” mövzularında çıxış ediblər.

Çıxış edənlər muzeyin tarixi binada yerləşdiyini bildirərək qeyd ediblər ki, bu bina sovetlər dövründən əvvəl tikilib. İlk vaxtlar bina Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil alıb, texnikumu əla qiymətlərlə bitirib. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulub və Heydər Əliyev xatirə otağı yaradılıb. Burada ulu öndərin təhsil aldığı dövrə aid olan arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillər sərgilənir. 

Bildirilib ki, teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır. O, Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan rəssam bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırıb.

Sonra muzeyin ekspozisiyasına baxış olub.

 

141096
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
39
121
1083
141096

Tarix: 13-11-2024