Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib

 

2016-ci il mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək deyib: Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.

Ali Məclisin Sədri deyib: Realist rəssamlığın vəzifəsi yalnız həyatın və ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə kətana köçürən Bəhruz Kəngərli də rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin tarixi keçmişini və yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir.

Bəhruz Kəngərlinin ustalıqla yaratdığı “Qaçqınlar” silsiləsi erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirir. Rəssam qaçqın ömrü yaşayan insanların faciəsini əks etdirərək o dövrdə tarixşünaslıqda qələmə alına bilməyən həqiqətləri sənətin dili ilə gələcək nəsillərə çatdırmışdır. Bəhruz Kəngərlinin təbiət təsvirləri və Naxçıvanın tarixi abidələrinin əks olunduğu əsərləri də böyük sənətkarlıqla işlənmişdir. Rəssamın bu qəbildən olan əsərləri Naxçıvanın qədim tarixinə bələdçi rolunu oynayır. Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa olunarkən görkəmli rəssamın “Nuh qəbri” silsiləsindən əsərlərinin də əsas kimi götürülməsi sənətin yaradıcı gücünün ən yaxşı nümunəsidir.

Qeyd olunub ki, teatr rəssamlığı, qrafika və digər janrlara da müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı insan olmuş, mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmışdır. Azərbaycanın görkəmli ədəbiyyatşünas-alimi Məmmədcəfər Cəfərov öz xatirələrində yazırdı ki, Bəhruz Kəngərli keçmiş Puşkin küçəsində, yəni indi tədbir keçirilən bu ərazidə fərdi sərgi düzəldərək yoldan keçənləri əsərlərinin sərgisinə baxmağa çağırırdı. Maddi çətinliklərə baxmayaraq gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər açan Bəhruz Kəngərli onların təhsil alması qayğısına da qalırdı. Bu baxımdan Bəhruz Kəngərli şəxsiyyətini yalnız rəssam kimi deyil, həm də Azərbaycan xalqının görkəmli ziyalısı kimi dəyərləndirmək, tədqiq etmək, öyrənmək və öyrətmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli şəxsiyyətinə və onun milli sərvətimizə çevrilən zəngin irsinə yüksək qiymət verərək deyirdi: “Bəhruz Kəngərli nadir istedada malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

Ali Məclisin Sədri deyib: Əgər Əcəmi Naxçıvani Azərbaycan memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz Kəngərli də Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır. Onun sənəti daim yaşayan sənətdir, yaradıcılığı rəssamlıqda yeni məktəbdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına və şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsidir. Belə bir tarixi gündə “Naxçıvan-bəşəriyyətin beşiyi” Üçüncü Beynəlxalq Rəsm Festivalının keçirilməsi məmnunluq doğurur.

Festivala mühüm əhəmiyyət verdiyini bildirən Ali Məclisin Sədri qonaqları salamlayıb, Bəhruz Kəngərli abidəsinin açılışında və “Naxçıvan-bəşəriyyətin beşiyi” rəsm festivalında iştiraklarına görə onlara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin olunub, rəssamlara hər cür şəraiti olan emalatxanalar verilib, onların albom-kataloqları nəşr olunub. Gənc rəssamların formalaşması da diqqətdə saxlanıb, Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisasları açılıb. Görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması Bəhruz Kəngərli irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin daha bir ifadəsidir. Ülviyyə Həmzəyeva rəssamlıq sənətinin inkişafına göstərdiyi diqqətə görə muxtar respublika rəssamları, eləcə də beynəlxalq rəsm festivalının bütün iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı, professor Ağəli İbrahimov deyib ki, Bəhruz Kəngərli zəngin yaradıcılıq yolu keçib. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin dəyərli nümunələridir. Ölkəmizdə görkəmli rəssamın yaradıcılığına daim yüksək qiymət verilib, yubileyləri qeyd olunub, sərgiləri açılıb. Naxçıvan şəhərində rəssamın adını daşıyan Rəssamlar Parkının istifadəyə verilməsi, abidəsinin ucaldılması rəssamlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Artıq üçüncü dəfədir ki, Naxçıvanda beynəlxalq rəsm festivalı keçirilir. Hər il bu festivalda iştirak edən rəssamların sayının artması da qədim diyarda sənətə verilən qiymətin nəticəsidir. Muxtar respublika inkişaf edir, müasir görkəm alır. Artıq tarixiliklə müasirliyin vəhdətində inkişaf edən, gözəlləşən Naxçıvan şəhərinin özü də sənət əsərini xatırladır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev çıxış edərək deyib: Bu gün qədim diyarımızda Bəhruz Kəngərli adına Rəssamlar Parkının və görkəmli rəssamın abidəsinin açılışı muxtar respublikamızın hər bir ziyalısını ürəkdən sevindirir. Portret və mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə qədim diyarımızın sənədli tarixini yaradan Bəhruz Kəngərli bu gün yenidən doğulur. Bəhruz Kəngərli qarış-qarış gəzib-dolaşdığı yurdumuza bu gün bir rəssam kimi yenidən qayıdır. Muxtar respublikanın yaradıcı ziyalıları yaradılan bu parkı və burada ucaldılan heykəli ulu öndər Heydər Əliyevin sənətə və sənətkara yüksək diqqət və qayğı missiyasının davamı kimi dəyərləndirirlər.

Sonra Asim Əliyev Bəhruz Kəngərliyə həsr etdiyi “Bəhruz ömrü” şeirini oxuyub:

Zamanın ağrıları dağ idi ürəyində,

Gözü nələr görürdü, qəlbi nələr çəkirdi...

Vətənin ağrısını, dərdini, sevincini

Bir boylu çinar kimi ürəyinə “əkirdi”.

Nəfəsiydi bu torpaq - rənglərdən, boyalardan

Ona ilmə vururdu - xalılar toxuyurdu.

Nəğməli bülbül kimi səhərdən axşamadək

Hər gülə, hər çiçəyə nəğmələr oxuyurdu.

Yurdundan, yuvasından qaçqın, köçkün düşənlər

Onun tablolarında canlı qəhrəman idi.

Bu qanlı cinayətə dağ da, daş da dözməzdi,

Bu dərdə dözən ancaq yenə də insan idi.

Tarix yaradırdı o, ölməz fırçası ilə,

Onun əsərlərində zamanın özü vardır.

Necə varsa çəkmişdi bir vaxt Nuhun qəbrini,

Ucaltdıq Nuh türbəsin - Bəhruz da bəxtiyardır.

Ömrünün illərini sovurmadı boşuna,

Qısa ömrünü belə yaşadı insan kimi.

Zamanın sınağından, çətin imtahanından

Çıxıb Bəhruz, yaşayır əsil qəhrəman kimi.

Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyasının üzvü, rəssam-yazıçı Hülya Sezgin tədbirdə çıxış edərək deyib ki, bəşəriyyətin beşiyi olan Naxçıvan qədim tarixi, zəngin mədəniyyəti ilə bura gələn qonaqlarda böyük təəssürat doğurur. Naxçıvanın müasir inkişafı, tarixi, mədəniyyəti, burada yaşayan insanların qonaqpərvərliyi rəssam və yazıçı kimi müraciət etdiyim əsas mövzulardır. Görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan Parkın və onun abidəsinin istifadəyə verilməsinə böyük əhəmiyyət veririk. İnanırıq ki, gələcəkdə bu parkda rəssamlar vətənpərvər sənətkar Bəhruz Kəngərli sənətindən ilham alaraq dəyərli əsərlər yaradacaqlar. Sənət dostluq, birlik və sülh deməkdir. Hər bir sənət əsəri tariximizi yaşadan, bu günümüzü gələcəyə çatdıran vasitələrdir. Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin üzərində yazıldığı kimi: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Gürcüstan-Azərbaycan Assosiasiyasının rəhbəri Tamar Lamparadze deyib: “Naxçıvan-bəşəriyyətin beşiyi” Üçüncü Beynəlxalq Rəsm Festivalı müxtəlif ölkələrdən olan rəssamlar arasında sənət və dostluq simvoluna çevrilib. Bu festivalda, eləcə də Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışında iştirak etmək mənim üçün böyük məsuliyyət deməkdir. Böyük Azərbaycan rəssamı Bəhruz Kəngərli Gürcüstanda da sevilir, onun yaradıcılığına yüksək qiymət verilir. Çünki Bəhruz Kəngərlinin həyatının bir hissəsi Tiflisdə keçib, orada təhsil alıb. Naxçıvanlı rəssamlarla yaradıcılıq əlaqələrini gücləndirmək, qarşılıqlı olaraq festival və sərgilərdə iştirak etmək üçün bundan sonra da səylə çalışacağam.

Sonra Ali Məclisin Sədri Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışını edib, görkəmli rəssamın abidəsi önünə gül qoyub, “Naxçıvan-bəşəriyyətin beşiyi” Üçüncü Beynəlxalq Rəsm Festivalının iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Parkda açıq havada rəssamların işləməsi üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi qurulub.

Ali Məclisin Sədri və tədbir iştirakçıları Bəhruz Kəngərli muzeyinə də baxıblar.

Məlumat verilib ki, muzeyin ekspozisiyası zənginləşdirilib, Bəhruz Kəngərlinin əsərlərinin böyüdülmüş fotosurətləri hazırlanıb. Hazırda muzeyin fondunda ümumilikdə 830 eksponat vardır ki, bunlardan da 353-ü ekspozisiyada sərgilənir. Bu əsərlərdən 51-i orijinaldır. Həmçinin muzeydə Bəhruz Kəngərlinin əsərlərindən ibarət müxtəlif illərdə nəşr olunmuş 3 ədəd albom-kataloq, rəssama həsr olunmuş poçt markaları və Naxçıvan Televiziyasının hazırladığı “Sənətin Bəhruz zirvəsi” filmi, rəssamın fotoşəkilləri, şəxsi əşyaları, məktəb illərinə aid sənədlər və rəssamlıq ləvazimatları nümayiş olunur.

Muzeyin binasında XX əsrin əvvəllərində pedaqoji texnikum fəaliyyət göstərib və 1936-1939-cu illərdə ulu öndər Heydər Əliyev burada təhsil alıb. İkinci mərtəbədə yerləşən birinci ekspozisiya zalı ulu öndər Heydər Əliyevin xatirə otağıdır. Bu otaqda ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən rəsmlər, Ulu Öndərin Bəhruz Kəngərli haqqında söylədiyi müdrik fikirlər, öz əli ilə çəkdiyi rəsm əsəri nümayiş etdirilir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xalq Rəssamı Arif Hüseynov qrafika üslubunda işlədiyi Bəhruz Kəngərlinin portretini muzeyə hədiyyə edib.

Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri tədbirin iştirakçıları olan gənc rəssamlarla, Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxətt, eləcə də Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrlə görüşüb, onlara Bəhruz Kəngərli yaradıcılığından bəhrələnmələri barədə tövsiyələr verib.

 

 

144905
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
100
78
433
1472
144905

Tarix: 21-12-2024